Новости и объявления

post image

COVİD-19 pandemiyasından sonra sərnişindaşımada ilk rekord

COVİD-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb. 18 mart tarixində 473 reyslə 15240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu statistik göstərici adi günlərlə müqayisədə 4 dəfə çoxdur. Bu yüksək göstərici Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması, avtovağzala birbaşa nəzarəti və dəstəyi nəticəsində əldə edilib. 

Ölkəmizdə qeyri-qanuni sərnişindaşıma ilə bağlı aparılan effektiv mübarizə sərnişindaşımaya öz töhfəsini verir və avtovağzal xidmətlərinə etimadı artırır. Bu etimadı doğrultmaq və keyfiyyətli xidmətlə bağlı BBAK-da bütün gücünü səfərbər edib.

Qeyd edək ki, AYNA-nın tapşırığına əsasən, bütün avtovağzal və avtostansiyalar əhalini davamlı və keyfiyyətli şəkildə sərnişindaşıma xidməti ilə təmin etmək üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK bayram günlərində sərnişin sıxlığını qarşılamaq üçün əlavə nəqliyyat vasitələrini sərnişindaşımaya cəlb edib və bu proses tələbata uyğun şəkildə davam edəcək. 

Vətəndaşlar tərəfindən 18 mart tarixinə 5 minə yaxın bilet qabaqcadan  alınıb. Sərnişinlərin əksəriyyəti biletləri onlayn qaydada və qabaqcadan satış kassalarından "Biletim.az" portalından və “biletim” mobil tətbiqindən əldə ediblər. Daha bir üstünlük: rayonlara səfər edən vətəndaşlar artıq 20 istiqamət üzrə geri dönüş biletini də onlayn qaydada "Biletim.az" portalından və tətbiqindən əldə edə bilər. Bütün bunlar vətəndaş məmnunluğuna hesablanan tədbirlər planının bir hissəsidir.