Xəbər və elanlar

post image

BBAK bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Kompleksdə bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.