Xəbər və elanlar

post image

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə 29 dekabr – 4 yanvar tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.

Biletləri BBAK kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə etmək mümkündür. Hazırda “biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.